Cəmiyyət · 10 oktyabr 2026

Azərbaycanda lüks mənzil bazarının göstəriciləri açıqlanıb

Ölkədə mənzil alanların mütləq əksəriyyəti 200 min manatadək olan mülklərə üstünlük versə də, paytaxtda milyonluq mənzillərin də satışı qeydə alınıb.

"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən aparılan təhlillər Azərbaycanda vətəndaşların böyük hissəsinin münasib qiymətli yaşayış sahələrinə maraq göstərdiyini üzə çıxarıb.

Aparılan araşdırmalara əsasən, 2025-ci il ərzində ölkə üzrə reallaşdırılan mənzil alqı-satqısının 84.8 faizi dəyəri 200 min manatdan aşağı olan daşınmaz əmlakların payına düşüb.

Münasib seqmentin üstünlük təşkil etməsinə baxmayaraq, daşınmaz əmlak bazarında yüksəkqiymətli və lüks mənzillər də müəyyən paya sahibdir. Təhlillər göstərir ki, bahalı mənzillərin satışı tamamilə paytaxt Bakıda cəmləşib.

Statistik məlumatlara görə, ötən il Bakı şəhərində qiyməti bir milyon manatı ötən 42 mənzil satılıb. Eyni zamanda, dəyəri 500 min ilə bir milyon manat arasında dəyişən 373 mənzilin satışı da istisnasız olaraq paytaxt ərazisində qeydə alınıb.

Mənbə: Oxu.az — Azərbaycan