Cəmiyyət · 21 oktyabr 2026
Bakıda üç metrostansiya ətrafında tıxacı azaldacaq yeni yol çəkilir
Paytaxtda Həsən Əliyev küçəsindən "Koroğlu" metrosuna qədər uzanan 3,9 kilometrlik yeni yolun tikintisi davam edir və işlərin 62,8 faizi tamamlanıb.
Bakıda nəqliyyat axınının tənzimlənməsi məqsədilə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə "Koroğlu" metrostansiyası istiqamətində yeni avtomobil yolunun inşası aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, çəkilən bu yolun ümumi uzunluğu 3,9 kilometr təşkil edir.
Layihənin başlıca hədəfi şəhərin əsas magistral yolları arasında alternativ əlaqə qurmaq və mövcud yolların nəqliyyat yükünü azaltmaqdır. Yeni xəttin istifadəyə verilməsi nəticəsində Heydər Əliyev və Ziya Bünyadov prospektlərində hərəkətin rahatlaşacağı, eyni zamanda "Gənclik", "Nərimanov" və "Koroğlu" metrostansiyalarının ətrafındakı sıxlığın xeyli dərəcədə səngiyəcəyi bildirilir.
İnşaat planına əsasən, ərazidə 5 yol qovşağı, 4 tunel və 3 yeraltı piyada keçidinin tikilməsi nəzərdə tutulub. Hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi yerinə yetirilib.
Tikinti prosesində tunellər üzrə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərinin isə 82 faizi başa çatıb. Eyni zamanda layihə sahəsində kommunikasiya xətlərinin başqa yerə köçürülməsi və yolla bağlı digər zəruri tədbirlər davam etdirilir.
Paytaxtın küçə-yol şəbəkəsində idarəetməni yaxşılaşdıracaq və müxtəlif istiqamətlər üzrə hərəkəti asanlaşdıracaq bu infrastruktur layihəsi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Mənbə: Axar.az — Azərbaycan