Dünya · 19 oktyabr 2026

Fransada kütləvi iğtişaşlardan sonra Makron sakitliyə və asayişə çağırıb

Fransa Prezidenti Emmanuel Makron ölkə boyu etirazların zorakılıq və qarətlərə çevrilməsindən sonra vətəndaşları sakitliyə və asayişə riayət etməyə çağırıb.

Fransada yanacaq qiymətlərinin artması, yaşayış xərcləri və məktəblər də daxil olmaqla ictimai xidmətlərin pisləşməsinə qarşı 550 minə yaxın insanın iştirakı ilə keçirilən aksiyalar şənbə günü kütləvi iğtişaşlar və talanlarla nəticələnib. Bazar günü Yelisey sarayından xalqa müraciət edən Prezident Emmanuel Makron gərginliyi artırmamaq barədə xəbərdarlıq edərək sakitlik və asayişə çağırıb, eləcə də baş verən zorakılığın heç bir bəraətinin olmadığını və təqsirkarların məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

Prezident dinc nümayişçilərin qanuni tələbləri ilə ətrafa ziyan vuran, dağıdan və qarət edən şəxslər arasında fərq qoyulmasının vacibliyini qeyd edib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən 2400-ə yaxın insan saxlanılıb. Şənbə günü baş verən toqquşmalarda təxminən 1000 polis əməkdaşının xəsarət aldığı, onlardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

Paris, Marsel, Lill və digər şəhərlərdə mağazalar talan edilib, avtomobillər və binalar yandırılıb. Limoş şəhərində iğtişaşçılar tərəfindən törədilən yanğın nəticəsində 19-cu əsrə aid tarixi meriya binasının damı və saat qülləsi uçub. Bazar günü paytaxt Parisdə və Lionda daha kiçik miqyasda qarətlər və toqquşmalar davam edib; polis nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və səs-küy qumbaralarından istifadə edib.

Fransanın daxili işlər naziri Loran Nunyes dinc toplaşma hüququnu qeyd etsə də, dövlət binalarını və polisi hədəf alan minlərlə ifrat solçunun və onlara qoşulan cinayətkar qrupların qanunsuzluqlar törətdiyini bəyan edib. İfrat solçu partiyanın lideri Jan-Lük Melanşon polisi səriştəsizlikdə ittiham etdiyi halda, ifrat sağçı lider Marin Le Pen zorakılığı təşviq edən siyasi qüvvələri qınayıb.

Mənbə: BBC News — World