Cəmiyyət · 10 oktyabr 2026
Gürcüstanda qanunsuz yaşayan əcnəbilərə qarşı reyd keçirilib
Gürcüstanda hüquq-mühafizə orqanlarının apardığı reydlər zamanı aralarında Azərbaycan vətəndaşlarının da olduğu 64 əcnəbi saxlanılıb.
Gürcüstan polisi ölkə ərazisində qanunsuz məskunlaşan əcnəbi vətəndaşların aşkarlanması məqsədilə genişmiqyaslı reydlər təşkil edib. Müxtəlif bölgələrdə keçirilən yoxlamalar nəticəsində 64 xarici ölkə vətəndaşı saxlanılıb.
Hüquq-mühafizə orqanlarının nəzarət tədbirləri zamanı saxlanılanlar sırasında Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Pakistan və digər dövlətlərin vətəndaşlarının olduğu bildirilir.
Tutulan şəxslər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda onların Gürcüstan ərazisindən deportasiya olunması istiqamətində müvafiq hüquqi prosedurlar icra olunur.
Ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, miqrasiya ilə bağlı qanunvericilik aktlarına edilən son düzəlişlər qüvvəyə mindikdən sonra 20 mindən çox əcnəbi şəxs yoxlanışa cəlb edilib.
Qeyd edək ki, iyun ayında daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze qanunsuz miqrasiyanın qarşısını almaq üçün ölkəyə gələn bütün əcnəbilərin qeydiyyata alınacağı vahid reyestrin yaradılacağını bəyan etmişdi.
Mənbə: Lent.az — Azərbaycan