Cəmiyyət · 12 oktyabr 2026
Hərbi xidmətə çağırış sahəsindəki qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb
Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində aşkar edilən qanun pozuntuları, aparılan araşdırmalar və məhkəməyə göndərilən cinayət işləri barədə məlumat yayıb.
Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti orqanlarla birgə hərbi xidmətə çağırış zamanı qanun pozuntularının qarşısının alınması və korrupsiyaya qarşı mübarizə məqsədilə tədbirlər həyata keçirir. Qurumun yaydığı məlumata əsasən, 2026-cı ilin yanvarından etibarən daxil olan rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs və qanunsuz əməllərdə iştirakı ehtimal edilən 121 nəfər barəsində araşdırmalar aparılıb.
Həmin müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən dörd əməliyyat-axtarış tədbiri nəticəsində cinayət işləri başlanaraq istintaqa verilib. Ümumilikdə SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində səkkiz cinayət işinin istintaqı aparılıb. Onlardan səkkiz nəfər (yeddi vəzifəli şəxs və bir vətəndaş) üzrə beş iş tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Məhkəməyə göndərilən təqsirləndirilənlərdən altısı barəsində həbs və vəzifədən kənarlaşdırma, ikisi barəsində isə polisin nəzarətinə vermə qətimkan tədbirləri seçilib. Digər üç cinayət işi üzrə istintaq davam edir.
İstintaq tədbirləri çərçivəsində üç cinayət işi üzrə doqquz çağırışçı komisyon məhkəmə-tibbi ekspertizasına cəlb olunub. Rəylərə görə bir nəfər hərbi xidmətə yararlı sayılıb, iki şəxsə möhlət hüququ tanınıb, altı nəfər üzrə isə ekspertiza proseduru davam etdirilir.
Araşdırmalar zamanı tibbi müayinələrin düzgün aparılmaması və səhv diaqnozlar səbəbindən səhhətində problem olan şəxslərin xidmətə göndərilməsi, sonradan vaxtından əvvəl tərxis olunması, habelə yerli qurumlarda daxili yoxlamalarla qanun pozuntularına yol verildiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün SHXÇDX, Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti təşkilatlara cəmi 32 təqdimat ünvanlanıb.
Görülən tədbirlər nəticəsində SHXÇDX-nin iki əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, dörd həkimə, on vəzifəli şəxsə və bir fiziki şəxsə xəbərdarlıq edilib. Hazırda göndərilən təqdimatlardan beşi üzrə icraat prosesi aparılır və bu istiqamətdə nəzarət tədbirlərinin davam etdiriləcəyi bildirilir.
Mənbə: Axar.az — Azərbaycan