Mədəniyyət · 19 oktyabr 2026
Hülya Avşar seriallarda çəkilməkdən imtina etdi
Türkiyəli tanınmış sənətçi Hülya Avşar serial sektorundakı rəqabətə görə artıq ekran işlərində yer almayacağını bəyan edib.
Tanınmış türkiyəli müğənni və aktrisa Hülya Avşar televiziya layihələri ilə bağlı karyerasında mühüm dəyişiklik edərək serial çəkilişlərinə qatılmayacağını bildirib. Sənətçi bu addımı sonuncu layihəsi olan "Aynı yağmur altında" serialının yeddinci bölümdə yarımçıq dayandırılmasından sonra atıb.
Aktrisa mövcud serial sənayesindəki gərgin və qeyri-sağlam rəqabətdən gileylənib. O qeyd edib ki, sahədə çalışan prodüserlər və ssenari müəllifləri arasında anlaşılmaz bir mübarizə hökm sürür və tərəflər bir-birinə mane olmağa çalışır.
Avşarın sözlərinə görə, ekranlara çıxan yeni layihələrə özünü sübut etmək üçün yetərincə şans tanınmır. Uğur qazanma ehtimalı olan ekran işlərinin belə heç bir fürsət verilmədən qəfildən dayandırılması onu bu cür proseslərdən uzaq durmağa vadar edib və o, serial fəaliyyətini tamamilə yekunlaşdırıb.
Televiziya layihələrindən uzaqlaşan sənətçi diqqətini teatr fəaliyyətinə yönəldib. Hülya Avşar yaxın vaxtlarda "Kanlı Nigar" müzikli vasitəsilə yenidən teatr səhnəsində tamaşaçıların qarşısına çıxmağı planlaşdırır.
Mənbə: Lent.az — Azərbaycan