Mədəniyyət · 19 oktyabr 2026
Kino Agentliyi “44” filminin icazəsiz çəkilişi ilə bağlı xəbərdarlıq edib
Kino Agentliyi “44” filminin nümayişləri zamanı icazəsiz çəkiliş aparan və görüntüləri yayan şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.

Kino Agentliyi “44” bədii filminin kinoteatrlardakı nümayişi ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Qurum bildirib ki, seanslar əsnasında ekran əsərinin mobil telefon və ya hər hansı digər texniki vasitələrlə qeydə alınması, eləcə də bu kadrların icazəsiz formada yayılması qətiyyən yolverilməzdir.

Açıqlamada qeyd olunur ki, bu cür hallar ekran əsərinin yaradıcı kollektivinə, istehsalçı tərəfə və nümayişi izləyən digər tamaşaçılara qarşı hörmətsizlik kimi qiymətləndirilir. Bununla yanaşı, müvafiq addımlar müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir.

Müraciətdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad edilərək vurğulanıb ki, əsərin nüsxəsinin çıxarılması yalnız hüquq sahibinin müstəsna səlahiyyətinə aiddir. Qanunvericilikdə bu anlayışa videoyazıların hazırlanması da daxil edildiyi üçün icazəsiz çəkiliş və paylaşımlar birbaşa qanun pozuntusuna yol açır.

Kino Agentliyi tamaşaçılardan seans vaxtı filmi qeydə almamağı və görüntüləri icazəsiz yaymamağı qətiyyətlə tələb edib. Bildirilib ki, bu qaydalara əməl etməyənlər İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsi, müvafiq şərtlər yarandıqda isə Cinayət Məcəlləsinin 165.1 və 165.2-ci maddələri çərçivəsində məsuliyyət daşıyacaqlar.

Qurum sonda bəyan edib ki, hüquqazidd hərəkətlər aşkarlandığı təqdirdə, təqsirkar şəxslərə qarşı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi tədbirlər həyata keçiriləcək.

Mənbə: Lent.az — Azərbaycan