İdman · 20 oktyabr 2026

“Mançester Siti” maliyyə pozuntularına görə Premyer Liqadan uzaqlaşdırıla bilər

İngiltərənin “Mançester Siti” klubu maliyyə qaydalarını pozduğuna görə ciddi xal silinməsi, pul cəriməsi və hətta Premyer Liqadan aşağı liqaya düşmək təhlükəsi ilə üzləşib.

İngiltərənin tanınmış futbol təmsilçisi “Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı davam edən araşdırmalar çərçivəsində sərt cəzalarla üz-üzədir. İddialara görə, komandaya qarşı böyük məbləğdə pul cəriməsi kəsilə, eləcə də turnir cədvəlində qazandığı xalların əhəmiyyətli hissəsi silinə bilər.

Britaniyanın “Daily Mail” nəşrinin təhlilinə əsasən, xalların kütləvi şəkildə silinməsi komandanın mövsüm başa çatdıqda İngiltərə Premyer Liqasını tərk edərək aşağı liqaya yuvarlanması ilə nəticələnə bilər. İşə baxan müstəqil komissiyanın kluba qarşı irəli sürülmüş ciddi maliyyə ittihamlarının böyük əksəriyyətini əsaslı hesab etdiyi diqqətə çatdırılır.

Aparılan araşdırmalarda qeyd olunur ki, Mançester təmsilçisi 2009–2018-ci illəri əhatə edən dövrdə kommersiya tərəfdaşları ilə bağlanan müqavilələr üzərindən gəlirlərini süni surətdə şişirdib, xərclərini isə azaldaraq təqdim edib. Bununla yanaşı, klubun maliyyə hesabatlarında uyğunsuzluqlar yaratdığı, Premyer Liqa və UEFA-nın tələblərini pozduğu, təhqiqat dövründə isə əməkdaşlıq öhdəliklərini yerinə yetirmədiyi vurğulanır.

Qeyd edək ki, hazırda mövsümə uğurla start verən “Mançester Siti” keçirdiyi ilk yeddi qarşılaşmanın hamısında qələbə qazanaraq 21 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Klub barəsində tətbiq olunacaq yekun sanksiyaların dəqiq həcmi isə hələlik açıqlanmayıb.

Mənbə: Lent.az — Azərbaycan