Siyasət · 11 oktyabr 2026

Milli QHT Forumu məktəblərdəki geyim qaydaları ilə bağlı bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim tələbləri ətrafında yaranan müzakirələrə dair bəyanat verərək məsələnin siyasiləşdirilməsinə və dünyəvilik prinsipinə qarşı aparılan kampaniyalara etirazını bildirib.

Azərbaycan Milli QHT Forumu ümumtəhsil müəssisələrində şagird və müəllimlər üçün nəzərdə tutulan geyim qaydaları ətrafında gedən müzakirələrlə əlaqədar bəyanat yayımlayıb. Qurumun açıqlamasında İran və digər xarici ölkələrin internet resurslarında ölkənin dünyəvi dövlət quruluşunu hədəf alan informasiya kampaniyalarının aparıldığı iddia edilir.

Bəyanatda məktəb mühitindəki geyim tələblərinin siyasi müstəviyə daşınması və dini qarşıdurma vasitəsinə çevrilməsi cəhdləri qınanılıb. Vurğulanıb ki, dünyəvilik Azərbaycanın mühüm dövlətçilik ənənəsidir və ölkədə dini dəyərlərə daim hörmət bəslənilir, müxtəlif inancların daşıyıcıları dinc şəraitdə birgə yaşayır.

Forum təhsil ocaqlarında qüvvədə olan geyim qaydalarının qanunvericiliklə tənzimləndiyini qeyd edib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən tətbiq edilən şagird formaları ümumi təhsilin dünyəvilik mahiyyətini qorumaq məqsədi güdür, həmçinin bu qaydalar dini inanclara qarşı yönəlməyib və şəxsi həyatı məhdudlaşdırmır.

Eyni zamanda müəllimlər üçün müəyyənləşdirilən geyim tələblərinin peşəkar görünüşü və tədris prosesinin dünyəvi xarakterini təmin etmək üçün vacib olduğu diqqətə çatdırılıb. Təşkilat məktəblərin ideoloji və dini təbliğat yeri deyil, yalnız elm, təhsil və azad düşüncə mərkəzi olduğunu bildirərək qaydaların hər kəsə bərabər tətbiqini dəstəklədiyini bəyan edib.

Sonda Forum ziyalıları, müəllimləri, valideynləri, vətəndaş cəmiyyətini və medianı dini həssaslıqlardan istifadə cəhdlərinə qarşı prinsipiallıq göstərməyə səsləyib. Əsas meyarın isə Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik və milli maraqlar olduğu vurğulanıb.

Mənbə: Lent.az — Azərbaycan