Cəmiyyət · 17 oktyabr 2026
Ramiz Mehdiyev YAP üzvlüyündən çıxarıldı və təltiflərindən məhrum edilməsi təklif olundu
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiyadan xaric edilməsi və dövlət təltiflərindən məhrum olunması barədə qərar qəbul edib.
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayda formalaşmış yeni tərkibdəki İdarə Heyətinin ilk iclasında Ramiz Mehdiyevin partiya sıralarından çıxarılması məsələsinə baxılıb. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, yerli təşkilatların toplantılarında Mehdiyevin partiyadan xaric olunması və dövlət mükafatlarından məhrum edilməsi tələbləri irəli sürülüb, həmin müraciətlər nəzərə alınaraq mövzu iclasın gündəliyinə daxil edilib.
İclas zamanı YAP rəhbərliyinin və İdarə Heyətinin üzvləri çıxış edərək yerlərdə keçirilən görüşlərdə bu məsələnin ciddi ictimai rezonans yaratdığını diqqətə çatdırıblar. Çıxış edənlər dövlətə xəyanət, hakimiyyəti qanunsuz yollarla ələ keçirmə kimi ağır cinayətlərdə təqsirləndirilən bir şəxsin partiya sıralarında qalmağa artıq mənəvi və siyasi hüququ olmadığını vurğulayıblar.
Müzakirələrin yekununda Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyası üzvlüyündən çıxarılması qərara alınıb. Eyni zamanda onun bütün dövlət təltiflərindən məhrum edilməsi üçün aidiyyəti qurumlar qarşısında rəsmi vəsatət qaldırılması yekdilliklə məqsədəuyğun sayılıb.
Qeyd edək ki, Ramiz Mehdiyev YAP-ın və onun Veteranlar Şurasının üzvü olub, həmçinin 2021-ci ilin mart ayınadək partiyanın İdarə Heyətində təmsil edilib. 2025-ci ilin oktyabrında isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onun barəsində cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət, habelə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməlləri ehtiva edən 193-1.3.2, 274 və 278.1-ci maddələri ilə ittiham olunur.
Mənbə: Axar.az — Azərbaycan