Siyasət · 17 oktyabr 2026

Ramiz Mehdiyev YAP üzvlüyündən xaric edilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında Ramiz Mehdiyevin partiya sıralarından çıxarılması və dövlət təltiflərindən məhrum edilməsi barədə vəsatət qaldırılması qərara alınıb.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin VIII Qurultayda formalaşdırılmış yeni tərkibdə ilk toplantısı keçirilib. İclasda partiyanın yerli strukturlarından daxil olan müraciətlər əsasında Ramiz Mehdiyevin təşkilat sıralarından çıxarılması məsələsi müzakirəyə çıxarılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, yerli təşkilatlarda təşkil olunan müşavirələrdə bir sıra ağır cinayət əməllərində ittiham edilən Ramiz Mehdiyevin partiyadan kənarlaşdırılması və təltiflərinin geri alınması tələbi irəli sürülüb. Çoxsaylı müraciətlər nəzərə alınaraq mövzu İdarə Heyətinin gündəliyinə daxil edilib.

İclas zamanı YAP rəhbərliyində və İdarə Heyətində təmsil olunan Əli Əhmədov, Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış ediblər. Onlar dövlətə xəyanət, hakimiyyəti qanunsuz yollarla ələ keçirmə cəhdi və digər cinayətlərdə təqsirləndirilən bir şəxsin partiyada qalmaq üçün mənəvi-siyasi haqqının olmadığını diqqətə çatdırıblar.

Aparılan müzakirələrin yekununda Ramiz Ənvər oğlu Mehdiyevin YAP sıralarından xaric olunması barədə yekdilliklə qərar qəbul edilib. Eyni zamanda, onun bütün dövlət təltiflərindən məhrum edilməsi məqsədilə müvafiq qaydada vəsatət qaldırılması məqsədəuyğun sayılıb.

Mənbə: Lent.az — Azərbaycan