İqtisadiyyat · 17 oktyabr 2026

Rusiya Enerji Həftəsində Cənubi Qafqazın enerji təhlükəsizliyi müzakirə olunub

Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində Cənubi Qafqazda enerji əməkdaşlığı və təhlükəsizliyi məsələləri dəyərləndirilib.

Moskvada təşkil olunan Rusiya Enerji Həftəsi tədbiri çərçivəsində «3+3 Platforması: Enerji Əməkdaşlığı Cənubi Qafqazda Sülh və Təhlükəsizliyin Əsası Kimi» mövzusunda dəyirmi masa baş tutub. İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov çıxış edib.

SOCAR rəsmisi bildirib ki, region dövlətləri etibarlı təchizat, marşrutların şaxələndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Mövcud boru kəməri infrastrukturundan tam istifadənin əhəmiyyətini qeyd edən vitse-prezident, açıq dənizə çıxışı olmayan Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi hasilatçı ölkələr üçün müxtəlif nəql marşrutlarının xüsusi önəm daşıdığını vurğulayıb. Həmçinin Rusiya, İran və Azərbaycanın zəngin resurslara, Türkiyənin isə inkişaf etmiş infrastruktura və böyük tranzit potensialına sahib olduğu diqqətə çatdırılıb.

Elşad Nəsirov müxtəlif dövlətlərin şirkətlərinin maraqlarını birləşdirən «Şahdəniz» qaz-kondensat yatağının işlənməsini regional tərəfdaşlığın bariz nümunəsi adlandırıb. O, Türkiyə və Gürcüstanla əlaqələrin yalnız enerji tədarükü ilə məhdudlaşmadığını, SOCAR-ın Türkiyədə «Petkim» və «STAR» layihələrinə irihəcmli sərmayələr yatırdığını, Gürcüstanda isə qaz təchizatı, paylanması və yanacaqdoldurma məntəqələri şəbəkəsi üzrə fəaliyyət göstərdiyini bildirib.

Çıxış zamanı İranla həyata keçirilən svop əməliyyatlarına da toxunulub. Qeyd olunub ki, bu mexanizm çərçivəsində Azərbaycan İrana qaz ötürür, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin edir.

Enerji sahəsindəki əlaqələrin Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verdiyini deyən natiq, ötən ilin dekabr ayında ilk dəfə olaraq Ermənistana benzin və dizel yanacağının tədarükünə başlanıldığını xatırladıb və bunu praktiki əməkdaşlığın mühüm göstəricisi kimi qiymətləndirib.

Mənbə: APA — Azərbaycan xəbərləri