Cəmiyyət · 10 oktyabr 2026

Sosial sığorta haqlarının fərdi hesaba köçürülən hissəsində dəyişiklik gözlənilir

Azərbaycanda əməkhaqqından tutulan sığorta vəsaitinin fərdi hesaba yönəldilən faiz dərəcəsinin azaldılması və bunun pensiyalara mümkün təsirləri gündəmə gəlib.

Azərbaycanda "Əmək pensiyaları haqqında" Qanuna yeni dəyişikliklərin edilməsi təklif olunur. Dəyişiklik layihəsinə əsasən, vətəndaşların əməkhaqqından Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta vəsaitinin fərdi hesaba köçürülən payının azaldılması planlaşdırılır.

Təklif edilən yeni qaydaya görə, fonda ödənilən məbləğin fərdi hesaba yönəldilən hissəsinin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur.

Baku TV-nin məlumatına istinadən bildirilir ki, bu addımın başlıca məqsədi ehtiyat vəsaitlərin artırılması və bunun hesabına həssas qrupların sosial təminat mexanizminin daha da gücləndirilməsinə şərait yaratmaqdır.

Bununla yanaşı, təklif olunan dəyişikliyin vətəndaşların pensiya kapitalının formalaşma prosesinə, eləcə də gələcəkdə alacaqları pensiyanın yekun məbləğinə göstərə biləcəyi təsirlər diqqət mərkəzindədir.

Mənbə: Axar.az — Azərbaycan