Mədəniyyət · 19 oktyabr 2026

Soyuducuya Maqnit Yapışdırmaq Təhlükəlidirmi?

Geniş yayılan suvenir maqnitlərinin insan sağlamlığına zərəri olmasa da, bəzi müasir soyuducuların elektron sistemlərinə təsir edə biləcəyi bildirilir.

Səfərlərdən xatirə olaraq gətirilən və soyuducuların qapısına yapışdırılan suvenir maqnitləri insan sağlamlığı baxımından heç bir təhlükə daşımır. Bununla belə, xarici mətbuatın məlumatına görə, bu aksesuarlar bəzi məişət texnikası modellərinin fəaliyyətində texniki problemlər yarada bilər.

Əsas risk sensor ekranlarla və mürəkkəb elektron sistemlərlə təchiz edilmiş yeni nəsil müasir soyuducular üçün keçərlidir. Bu cür həssas panellərin yaxınlığında maqnitlərin davamlı olaraq qalması cihazın idarəetmə mexanizminə mənfi təsir göstərmək qabiliyyətinə malikdir. Məsələ ilə bağlı misal kimi “Apple” şirkətinin 2021-ci ildə iPhone 12 modellərindəki maqnitlərin kardiostimulyator kimi tibbi cihazlara müdaxilə edə biləcəyinə dair etdiyi xəbərdarlıq xatırladılır.

Digər tərəfdən, mütəxəssislər köhnə tipli soyuducuların sahibləri üçün narahatlığa heç bir əsas olmadığını vurğulayırlar. Cenevrə Universitetinin kimya və fizika üzrə mütəxəssisi izah edir ki, adi suvenirlərin yaratdığı maqnit sahəsi köhnə avadanlıqlara xələl gətirəcək gücdə deyil.

Ənənəvi modellərin iş prinsipi istilik nasosu mexanizminə əsaslanır və onlarda maqnit təsirinə qarşı dayanıqsız olan həssas elektron detallar mövcud deyil. Həmçinin bu kiçik maqnitlərin təsir gücü soyuducunun daxili mexanizmlərinə keçə bilmir; qapının daxili hissəsinə qoyulan metal əşyanın maqnitə yapışmayıb yerə düşməsi də sahənin zəifliyini əyani şəkildə sübut edir.

Nəticə etibarilə, klassik məişət cihazlarında suvenir maqnitlərinin istifadəsi təhlükəsiz hesab edilsə də, sensor panelli və qabaqcıl elektron sistemli soyuducu istifadəçilərinə istehsalçı qaydalarına riayət etmək və ehtiyatlı davranmaq tövsiyə olunur.

Mənbə: Lent.az — Azərbaycan