Azərbaycan · 19 oktyabr 2026

Üzüm saplaqlarının zəngin tərkibi və faydaları elmi araşdırmada üzə çıxıb

Aparılan elmi tədqiqatlar üzüm yığımından sonra qalan saplaqların dəyərli kimyəvi maddələrlə zəngin olduğunu və iqtisadi baxımdan gəlir vəd etdiyini göstərib.

Aparılan elmi araşdırmalar nəticəsində məhsul yığımı prosesindən sonra adətən tullantı hesab edilən üzüm saplaqlarının olduqca qiymətli kimyəvi komponentlərlə zəngin olduğu müəyyənləşib.

"Acta Scientiarum Polonorum Hortorum Cultus" nəşrində 2021-ci ildə dərc olunmuş tədqiqat çərçivəsində qırmızı üzümün 6 fərqli növü təhlil edilib. Nəticələrə əsasən, xüsusilə "Syrah" növünün saplağının hər kiloqram quru kütləsində 61,56 milliqram trans-resveratrol maddəsi qeydə alınıb. Bundan əlavə, saplaqların tərkibində yüksək miqdarda katexinlər və müxtəlif polifenollar da aşkarlanıb.

Bitkilərin ekoloji təsirlərə və stresə qarşı müdafiə məqsədilə sintez etdiyi resveratrol güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə sahibdir. Bu birləşmə hüceyrələrin qocalma prosesinin ləngidilməsində, ürək-damar sisteminin qorunmasında və qandakı şəkər səviyyəsinin tənzimlənməsində mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda bu maddə dərman sənayesi, dermokosmetika və qida əlavələri istehsalında strateji xammal kimi tətbiq olunur və bazarda baha qiymətə realizə edilir.

Biotexnologiya sahəsi üzrə mütəxəssislər vurğulayırlar ki, tonlarla üzüm saplağının toplanaraq ekstrakta çevrilməsi yeni bioiqtisadiyyat modelinin yaranmasına şərait yaradır. Təklif olunan bu mexanizm fermerlərin təkcə meyvə satışından asılılığını aradan qaldıraraq onlar üçün əlavə gəlir imkanı vəd edir.

Mənbə: Axar.az — Azərbaycan