Siyasət · 20 oktyabr 2026

Zəngilan şəhərinin azad olunmasından 6 il ötür

Zəngilan şəhərinin 2020-ci il oktyabrın 20-də işğaldan qurtarılmasından 6 il keçir.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başladığı əks-həmlə əməliyyatlarının 24-cü günündə Zəngilan rayonunun ərazisinə daxil olunub. Görülən tədbirlər nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri və bir sıra kəndlər erməni işğalından təmizlənib.

Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində həmin gün Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bəzi kəndlərinin, eləcə də Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin azad edildiyini bəyan edib. Dövlət başçısı həmçinin Xocavəndin Vəng kəndinə Çinarlı adının verildiyini bildirib.

Döyüşlər zamanı qarşı tərəf ağır itkilərə məruz qalıb, xeyli canlı qüvvəsi və hərbi texnikası sıradan çıxarılıb. Rayonun azad olunması ilə ordumuz Ermənistanla dövlət sərhədinə çıxıb. Əməliyyatlarda fərqlənən hərbçilər üçün "Zəngilanın azad olunmasına görə" medalı təsis edilib, həmçinin 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi müəyyənləşdirilib.

1993-cü il oktyabrın 29-da işğal altına düşən Zəngilanda tarixi, dini və mədəniyyət abidələri dağıdılıb, təbii sərvətlər qanunsuz istismar edilib. Eyni zamanda, "Bəsitçay" dövlət təbiət qoruğundakı Şərq çinarları məhv edilib və Qafan ilə Qacaran kombinatlarının zərərli tullantıları nəticəsində Oxçuçay ağır ekoloji fəlakətə məruz qoyulub.

Mənbə: Lent.az — Azərbaycan